Qlobal Bakı Forumu bütün qlobal məsələlərin
müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzindədir. Qeyd
etmək lazımdır ki, Azərbaycanda təşkil edilən IX Qlobal Bakı Forumu digər beynəlxalq
forumlardan miqyas və məzmun genişliyinə görə fərqlənir. Daha dəqiq desək, Davos
forumu sırf iqtisadi və siyasi, Münhen forumu sırf təhlükəsizlik məsələlərini
özündə ehtiva edirsə, Bakı Qlobal Forumu bu mənada daha universal və daha
əhatəlidir. Yəni bu forum beynəlxalq gündəmdə olan bütün siyasi, iqtisadi,
humanitar və digər mövzulara açıqdır. Belə bir beynəlxalq tədbirə ev sahibliyi etmək isə
Azərbaycanın artan gücünün, uğurlu diplomatiyası ilə yanaşı, hərbi və siyasi
qələbələrinin nəticəsidir. Ölkəmizdə belə mötəbər Forumun keçirilməsi hər
şeydən əvvəl dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu göstərir.
Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali
və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət başçıları, beynəlxalq və
qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar
iştirak etdilər.
Forumda beynəlxalq
gündəlikdə duran əsas məsələlərdən biri kimi təhlükəsizlik
mövzusunun xüsusi
önəm kəsb etdiyi vurğulandı. Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin
aparılması baxımından Qlobal Bakı Forumunun mükəmməl platforma olaraq çıxış
etdiyi qeyd olundu.
Forumun açılış mərasimində çıxış edən
Prezident İlham Əliyev bildirdi ki, Qlobal Bakı Forumunda aparılan müzakirələr
və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin
araşdırılmasına və həllinə töhfə verəcək. Cənab Prezident eyni zamanda Azərbaycan
- Ermənistan münasibətlərinin bu günü və gələcəyi, həm də Zəngəzur dəhlizi və onun
açılmasının önəmi ilə bağlı konkret fikirlər səsləndirdi. Ölkə başçısı bir daha
qeyd etdi ki, regionda sülhün və sabitliyin bərqərar olması üçün Ermənistan
tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli
addımlardan imtina etməlidir.
Azərbaycanın dövlət başçısı Forumdakı
çıxışında dünyadakı münaqişələrin sülh yolu ilə həlli, ərzaq təhlükəsizliyinin
təmin edilməsi, ədalətli dünya nizamının formalaşdırılmasının vacibliyini qeyd
etdi.
Qalib ölkə kimi dünyanın diqqət
mərkəzində olan Azərbaycan ədalətli müharibəni Zəfərlə yekunlaşdırdı və öz
torpaqlarını işğaldan azad etdi. Bu məqam da ölkə başçısı tərəfindən Forum
iştirakçılarının bir daha diqqətinə çatdırıldı. Müzəffər Ali Baş Komandanımız müharibənin
ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması
ilə nəticələndiyini söylədi.
Ümumiyyətlə, Cənab
Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər, sadəcə ölkəmiz üçün
deyil, bütün region və onun gələcək inkişafı üçün yol xəritəsi hesab edilə
bilər. Hesab edirəm ki, regionumuzun inkişafı və tərəqqisi üçün bütün region
dövlətləri Azərbaycan Prezidentinin çağırışlarını dəstəkləməli, bu çağırışların
daha geniş miqyasda reallaşmasına töhfələrini verməlidir.
Sevda Məmmədova,
Xocalı rayon gənci